Orqan donorluğu və transplantasiya sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə keçirilən tədbirlər çərçivəsində növbəti görüş Bakı Mühəndislik Universitetində baş tutub.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə çıxış edərək bildirib ki, orqan donorluğu mövzusu günümüzdə olduqca aktualdır və hər bir fərdin diqqətində olmalıdır. Prorektor qeyd edib ki, bir insanın donor olması bir neçə insanın həyatını xilas edə bilər və orqan donorluğu həm humanistlik, həm də vətəndaş məsuliyyəti baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova son illərdə görülən işlərdən danışaraq bildirib ki, transplantasiya sahəsində əldə olunan nailiyyətlər ölkə səhiyyəsinin mühüm uğurlarından hesab olunur.
O qeyd edib ki, dövlət tərəfindən göstərilən dəstək nəticəsində bu sahədə mühüm irəliləyişlər əldə edilib və transplantasiya əməliyyatları sayəsində bir çox insan yenidən sağlam həyata qovuşub. Günay Abbasova həmçinin vurğulayıb ki, transplantasiya prosesində şəffaflıq prinsipi əsas prioritetlərdən biridir və bu sahədə effektiv institusional mexanizmlər formalaşdırılıb.
Daha sonra Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva orqan donorluğu mövzusunda təqdimatla çıxış edib. Təqdimatda orqan donorluğunun mahiyyəti, hüquqi və tibbi tərəfləri, donor olmaq qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda cəmiyyətdə mövcud olan suallar və yanlış təsəvvürlərə aydınlıq gətirilib.
Tədbirin sonunda tələbələr aktiv şəkildə müzakirələrdə iştirak edib və onların sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Mövzu ilə bağlı fəallıq göstərən tələbələrə simvolik hədiyyələr təqdim edilib.